04.06.2021

Məktəbimizin müəllimi Babək Rzazadə ilə Mədəniyyət Komitəsində görüş keçirilib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Nəfəs” Xeyriyyə Cəmiyyətinin rəhbəri Firəngiz Balakişiyeva Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi Babək Rzazadə ilə Mədəniyyət Komitəsində görüşüblər.

Komitə sədri Babək Rzazadəni "İlin gənc müəllimi-2021" yarışmasında mükafat qazanması münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

"Hörmətli Babək müəllim,

Sizi Milli Məclisin Mədəniyyət Komitəsi, AzEduAz təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə ərsəyə gələn “İlin gənc müəllimi-2021” yarışmasında yüzlərlə müəllim arasından ilk onluğa layiq görülərək, final mərhələsinə çıxdığınıza görə təbrik edirəm!

Siz istər ucqar kəndlərdə, istərsə də hazırda çalışdığınız Astara şəhər 1 saylı tam orta məktəbdə ingilis dili fənnini şagirdlərinizə yüksək səviyyədə sevdirmiş, bundan ötrü ən çağdaş tədris metodlarından yararlanmısınız.

Özəlliklə də ucqar kəndlərimizdə bir xarici dilin tədrisi və mənimsənilməsi nə dərəcədə vacib olsa da, bir o qədər də mürəkəb prosesdir; lakin siz həm yaratdığınız mobil tətbiq vasitəsilə, həm də başqa yararlı metodlarla bunun öhdəsindən gəlmisiniz.

Sizi bütün uğurlarınız münasibətilə ürəkdən təbrik edirəm!

Sizə, hazırda çalışdığınız təhsil müəssisəsinin müəllim və şagird kollektivinə ən xoş diləklərimi yetirir, uğurlar arzulayıram"!

Qənirə Paşayeva Babək Rzazadəyə Komitə adından Təbrik Məktubu, Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Babək Rzazadə səmimi görüş, fikir mübadiləsi və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

 


Açar sözlər: ,  ,