Fərdi təhsilin təşkili haqqında Qaydalar

I. Ümumi müddəalar

 

1.1. “Fərdi təhsilin təşkili haqqında Qaydalar” (bundan sonra – Qaydalar) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 3.8-ci bəndinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər (bundan sonra – təhsildən kənarda qalmış şəxslər), eləcə də ümumi təhsil müəssisələrində hər hansı sahə üzrə xüsusi istedadı ilə fərqlənən təhsilalanlar (bundan sonra – xüsusi istedadlı təhsilalanlar) üçün təyin edilmiş fərdi təhsilin təşkilini tənzimləyir.

1.3. Fərdi təhsil dərs ilinin əvvəlindən başlayaraq həyata keçirilir.

1.4. Təhsildən kənarda qalmış şəxslərin fərdi təhsili Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş nümunəvi tədris planları əsasında aparılır. Tədris planında nəzərdə tutulan fənlər üzrə proqramlar müəyyən edilmiş saatlara uyğunlaşdırılır. Xüsusi istedadlı təhsilalanlar üçün fərdi təhsil proqramları Təhsil Nazirliyinin tövsiyələri əsasında yerli təhsili idarəetmə orqanları tərəfindən hazırlanıb təsdiq olunur.

1.5. Fərdi təhsil aparan pedaqoji işçilərin və digər mütəxəssislərin əməkhaqqının ödənilməsi dövlət büdcəsindən təhsilə ayrılmış müvafiq büdcə vəsaiti çərçivəsində həyata keçirilir.

1.6. Fərdi təhsil üzrə təsdiq edilmiş tədris planındakı dərs saatları fərdi təhsil aparan müəllimin (müəllimlərin) tarifləşmiş ümumi dərs yükünə daxil edilir. 

1.7. Fərdi təhsil təhsil müəssisəsinin direktorunun təsdiq etdiyi dərs cədvəli əsasında məktəbdə təşkil olunur. İkinövbəli məktəblərdə ikinci növbədən sonra fərdi təhsilin təşkili yolverilməzdir.

1.8. Fərdi təhsil məşğələləri təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq olunan ayrıca tərtib edilmiş jurnalda aparılır.

1.9. Fərdi təhsil həftədə 4 (dörd) gün təşkil olunur, dərs məşğələlərinin müddəti 45 dəqiqə müəyyən edilir.

1.10. Fərdi təhsil yalnız ibtidai və ümumi orta təhsil səviyyələrində təşkil olunur.

 

II. Müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili

 

2.1. Uzun müddət təhsildən kənarda qalmış şəxslər üçün fərdi təhsilə aşağıdakı kateqoriyadan olanlar cəlb edilirlər:

2.1.1. ümumi təhsilə ümumiyyətlə cəlb olunmayanlar;

2.1.2. ibtidai təhsil səviyyəsini bitirdikdən sonra təhsildən kənarda qalanlar;

2.1.3. ibtidai təhsil səviyyəsinin IV, ümumi orta təhsil səviyyəsinin IX sinifləri istisna edilməklə, bu səviyyələr üzrə digər hər hansı bir sinfi bitirdikdən sonra təhsildən kənarda qalanlar.

            2.2. İbtidai təhsil üzrə fərdi təhsilə cəlb olunanların sonrakı mərhələdə ümumi orta təhsil almaları onların arzu və istəklərinə uyğun həyata keçirilir.

2.3. İbtidai təhsil səviyyəsində fərdi təhsilə 15, ümumi orta təhsil səviyyəsində isə 25 yaşadək olan şəxslər cəlb olunurlar.

2.4. Fərdi təhsil almaq istəyən şəxslər (onların valideynləri və ya digər qanuni nümayəndələri) hər il iyul-avqust aylarında yaşayış yeri üzrə təhsil şöbəsinə (idarəsinə) təhsildən kənarda qalmasının səbəbi və hansı sinifdə təhsil alması göstərilməklə aşağıdakı sənədlər əlavə olunmuş ərizə ilə müraciət edirlər:

2.4.1. doğum haqqında şəhadətnamənin surəti;

2.4.2. yaşayış yerindən arayış;

2.4.3. 2 ədəd 3x4 ölçüdə fotoşəkil. 3

2.5. Fərdi təhsil almaq barədə müraciət edən şəxsin ərizəsi təhsil şöbəsində (idarəsində) qeydə alınır və onun fərdi təhsilə cəlbi barədə yaşadığı ərazidəki məktəbin direktoruna rəsmi məktub ünvanlanır. Ərizəçinin qeyd etdiyi sinif üzrə fərdi təhsilə cəlbi məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.

2.6. Müvafiq sinif üzrə fərdi təhsil proqramlarını mənimsəyən şəxs (şəxslər) pedaqoji şuranın qərarı əsasında növbəti sinifdə təhsillərini davam etdirirlər.

2.7. Proqram materiallarını mənimsəyə bilməyən, eləcə də dərs məşğələlərinə müntəzəm davam etməyən şəxslərin fərdi təhsilinə müəllimin (müəllimlərin) əsaslandırılmış təqdimatı əsasında pedaqoji şuranın qərarı ilə xitam verilir və bu barədə təhsil şöbəsinə (idarəsinə) məlumat təqdim olunur.

2.8. Fərdi təhsilə cəlb edilmiş şəxslərin təlim nailiyyətləri jurnalda müvafiq qaydada qiymətləndirilir.

2.9. Fərdi təhsil alan şəxslərə ibtidai təhsili, yaxud hər hansı bir sinfi bitirmələri barədə məktəb tərəfindən arayış verilir.

2.10. Fərdi təhsil yolu ilə ümumi orta təhsil səviyyəsinin VIII sinfini bitirmiş şəxslər, arzu etdikləri halda, müstəqil hazırlaşaraq eksternat qaydasında imtahan verib təhsil sənədi almaq hüququna malikdirlər.

 

III. Ümumi təhsil müəssisələrində hər hansı sahə üzrə xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün fərdi təhsilin təşkili

 

3.1. Xüsusi istedadlı təhsilalanlar üçün fərdi təhsil texniki, təbiət və humanitar fənlər üzrə xüsusi bilik və bacarıq nümayiş etdirən, çevik təfəkkürü, müstəqil öyrənmək və qeyri-standart düşünmək qabiliyyəti, dünyagörüşünün genişliyi ilə fərqlənən şagirdlər üçün həmin fənn (fənlər) üzrə təşkil edilir.

3.2. Bu istiqamət üzrə fərdi təhsil V-IX sinif şagirdlərinə tətbiq olunur.

3.3. İstedadlı şagirdlərin fərdi təhsilə cəlbi məsələsinə bu və ya digər fənn müəlliminin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılıb müvafiq qərar qəbul edilir.

3.4. Eyni istiqamət üzrə istedadlı şagirdlərin fərdi təhsili 3 nəfərdən çox olmamaq şərti ilə qrup halında da təşkil edilə bilər.

3.5. Zəruri ehtiyac yarandığı hallarda digər müəssisələrdə çalışan müvafiq mütəxəssislərin istedadlı şagirdlərlə fərdi dərs məşğələləri aparmalarına icazə verilir. Onların əməkhaqqı saathesabı ödəniş qaydasında ödənilir.

3.6. İstedadlı şagirdlərlə fərdi dərslər (məşğələlər) aparan müəllimlər 3 aydan bir onların irəliləyişləri, inkişaf perspektivləri barəsində məktəbin rəhbərliyinə yazılı hesabat hazırlayır, məktəb rəhbərliyinin rəyindən asılı olaraq, pedaqoji şuraya məlumat verirlər.

3.7. İstedadlı şagirdlərlə aparılan fərdi təhsilin nəticələrini araşdırmaq üçün məktəb rəhbərliyi tərəfindən monitorinq keçirilir, onun yekunları pedaqoji şurada müzakirə olunub müvafiq qərar qəbul edilir.