05.07.2019

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri məlum olub

İyulun 3-də Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.

Brifinqdə nazirliyin Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov bildirib ki, müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən  ümumilikdə 878  layihə təklifi daxil olub.

Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib.

Astara rayonu üzrə ümumtəhsil müəssisəsi üzrə bir və müəllimlər üzrə iki nəfər qalib gəlib.

Ümumtəhsil müəssisəsi üzrə:

M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəb - “ASAN Məktəb” - Yeni və uğurlu idarəetmə modeli

Müəllimlər üzrə:

  1. Astara rayonu Ə.Əliyev  adına Qapıçıməhəllə kənd ümumi orta məktəbin müəllimi Əlizadə Həbib Heybətulla oğlu - “Voltran” Robototexnika üzrə yay məktəbi
  2. Astara rayonu D.Əsədov adına Şahağac kənd tam orta məktəbin müəllimi Məmmədov Nazim Akif oğlu - Məktəblilərə robototexnika və mühəndislik biliklərinin aşılanması

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.